Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-06-2024 , 21:55

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Şair – bələdiyyə üzvü akademik adına layiq görülüb


 Son bir neçə ildə Azərbaycanın mirvarisi İsmayıllı rayonunda yaşayan, “İsmayıllı xəbərləri” qəzetinin təsisçisi və baş redaktoru, İsmayıllı bələdiyyəsinin sədr müavini, “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin sədri, Prezident mükafatçısı, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü,  şair-tərcüməçi Şahməmməd Soltanov (Dağlaroğlu) Özbəkistandan kənarda özbək dilinin təbliği istiqamatində gördüyü işlərin yetərincə qiymətləndirilməsi ilə bərabar, arxada qalan may ayının son günlərində ard-arda bir neçə uğurun sevincini yaşamaq nəsib olub. Söz yox ki, həmkarımızın davamlı uğurları bizi hədsiz sevindirir. 2019-cu ildə Azərbaycan-Özbəkistan ədəbi əlaqələrindəki fəaliyyətinə görə Fəxri diplomla təltif olunub. Ötən illər ərzində çağdaş özbək şairlərindən – 85 nəfərdən etdiyi tərcümələr “İsmayıllı xəbərləri”qəzetinin xüsusi buraxılışı kimi, jurnal şəklində Bakıda, işıq üzü görüb. Özbək şairlərindən etdiyi tərcüməlrdən 2 müəllifin kitabı Bakıda, 2 müəllifin kitabı isə Daşkənddə çap olunub.

2020-ci ildə Orta Asiya Yazıçılar və Tarixçilər Assosiasiyasının qərarı ilə “Turan Birliyi” medalına layiq görülüb və  Özbəkistanda keçirilən “Dəyərin yüksək olsun, ana dilim” Beynəlxalq müsabiqəsində “Özbək dilinin xaricdə təbliği nominasiyası” üzrə dünyanın 60-dan çox ölkəsi arasından Azərbaycana birincilik gətirib. Qırğızıstanda şairə G.Möminovanın yubileyi şərəfinə keçirilən şeir müsabiqəsinin baş mükafatçısı olub. Yubiley medalı ilə təltif olunub.

2021-ci ildə özbək xalqının dahi şairi Əlişir Nəvainin 580 illiyi münasibəti ilə  şairin hikmətlərindən etdiyi tərcümələr Daşkənd şəhərində kitab halında çapdan çıxıb. Buna görə o, “Əlişir Nəvai-580” yubiley madalına layiq görülüb.

Təhsil sahəsində bələdiyyəyəqədərki fəaliyyəti dəyərləndirilməklə “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 100 illik yubiley döş nişanı” ilə təltif olunub.

Onun çağdaş özbək şairlərinin şeirlərini Azərbaycan dilinə uyğunlaşdırıb tərtib etdiyi “Dostlara hədiyyə” adlı antologiya bu yaxınlarda Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində çapdan çıxıb.

Bununla yanaşı, Özbəkistanın gənc və istedadlı yazarlarından olan Zilaləbanu Xalıqovadan onun  Azərbaycan dilinə uyğunlaşdırıb, çapa hazırladığı “Yalqız quş” kitabı xeyirxah həmvətənimiz Əli Vəliyev tərəfindən çap olunub. Və nəhayət, ona yüksək fəxri ada layiq görülməsi münasibəti ilə Özbəkistandan göndərilmiş vəsiqə və diplom təqdim edilib.

Bu qürurverici, dəyərli təqdimat tərcüməçi-şairin beynəlxalq miqyasda gördüyü işlərin dəyərləndirilməsi ilə zəhmətinə verilən böyük mükafatdır.

Özbəkistan Respublikası Beynəlxalq Ədəbiyyat, İncəsənət, Mədəniyyət və İctimai Elmlər Akademiyası Soltanov Şahməmməd Nurulla oğluna Rəyasət heyətinin 24 fevral 2024-cü il tarixli, 24-0224-02 saylı qərarına əsasən akademik elmi adı verib.

Bu yüksək elmi ada layiq gördüklərinə görə şair Akademiyanın Prezidenti cənab A.Mengqobilova, Elmi Şuranın sədri cənab A.Alimbekova, baş elmi katib cənab B.Xaydarova və Təşkilat Komitəsinin sədri cənab Abdulla Vəxşə qəlbən təşəkkür edib və dərin minnətdarlığını bildirib.

Ş.Soltanov (Dağlaroğlu) verilən yüksən adla bərabər həm də Akademiyanın Azərbaycan Respublikası üzrə nümayəndəsi seçilib. O, öz tərəfindən bu yüksək titulun onu daha ciddi işlər görməyə sövq edəcəyini, göstərilən etimadın yetərincə dəyərləndirmək üçün daha səylə çalışmalı olduğunu bildirib.

Bunun üçün o, akademiyanın elmi və sosial  layihələrində məmnuniyyətlə iştirak edəcəyini, Azərbaycana və bu nüfuzlu təşkilata töhfələr verməkdə faallıq göstərməyi özünə borc bildiyini vurğulayıb.

Azərbaycanın türkdilli qardaş ölkələrlə ədəbi-mədəni əlaqələrin tərəqqisi naminə bələdiyyyəmizin üzvü şair Şanməmməd Dağlaroğluya – akademik Şahməmməd Soltanova həyatda və yaradıcılıqda yeni uğurlara imza atmasını arzu edirik.

Pərviz Ağayev,

İsmayıllı bələdiyyəsinin sədri




 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər